Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir.
Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır.
Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir.
Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.